Unibank Premyer Liqasında daha iki oyun başa çatıb. Olimpiya.az-ın məlumatına görə, əvvəlcə lider “Xəzər Lənkəran” “Turan”ı qəbul edib. Lənkəran şəhər mərkəzi stadionunda baş tutan qarşılaşmada meydan sahibləri qələbə qazanıblar - 3:1.
Lənkəran təmsilçisinin yeni transferi Branimir Subaşiç “dubl”a imza atıb. Onun 33-cü və 58-ci dəqiqələrdə vurduğu qollara Rikardo Gomes (59-cu dəq.) daha birini əlavə edib. Sona 4 dəqiqə qalmış Nadir Nəbiyev qonaqların təsəlli qolunu vurub.
Bu qələbədən sonra maksimum nəticə göstərən “Xəzər Lənkəran” şəriksiz liderliyini davam etdirir.
Günü son matçında isə “İnter” “Bakı”nı qəbul edib. “Şəfa” stadionunda keçirilən görüşdə qapılara qol vurulmayıb. Paytaxt derbisində Georgi Lomaya iki dəfə diqqət mərkəzinə düşüb. 49-cu dəqiqədə Aleksandr Şoliçin penalti zərbəsini dəf edən “İnter”in gürcü qapıçısı son dəqiqələrdə qırmızı vərəqə alıb. O, 90+2-ci dəqiqədə rəqibin futbolçusu Nurlan Novruzava qarşı kobudluq etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb. Üstəlik, “İnter”in qapısına penalti zərbəsi təyin edilib. Bundan sonra meydanda qalmaqla düşüb. Hər iki komandanın futbolçuları arasında münaqişə yaranıb. Penaltiyə etiraz edən “İnter”in futbolçuları meydanı tərk ediblər. Baş hakim Ramil Diniyev bir qədər gözləsə də, “bankirlər” meydana qayıtmayıb. “Bakı” futbolçuları isə penalti vurmadan paltardəyişmə otağına yollanıblar.

Комментариев нет:
Отправить комментарий