Milli komandamız AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də Avstriya, oktyabrın 11-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Stadium.az xəbər verir ki, qeyd olunan oyunlarla əlaqədar oktyabrın 1-dən 7-dək Bakıda, oktyabrın 8-dən 12-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan yığma komandasının heyəti açıqlanıb. "Sumqayıt Şəhər"-in qapıçısı Andrey Popoviç millinin düşərgəsinə çağırılıb.
Bundan başqa, klubun 6 futbolçusu – Ruslan Tağızadə, Emin Mustafayev, Eşqin Quliyev, Kamil Nurəhmədov, Ruslan Qurbanov və Bədavi Hüseynov isə 21 yaşadək futbolçulardan ibarət milli komandaya dəvət alıb.
Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 6-da Norveç, oktyabrın 10-da isə Belçika komandası ilə qarşılaşacaq.
"Sumqayıt Şəhər" klubunun 3 futbolçusu – Emil Balayev, Samir Yusifov və Hacı Əhmədov U-19 heyətinə çağrılıb. 19 yaşadək futbolçulardan ibarət milli komandamız sentyabrın 27-dən oktyabrın 5-dək Latviyanın Riqa şəhərində təlim-məşq toplanışında olacaq. Oktyabrın 5-dən 12-dək isə yığmamız İsveçdə Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək.
"Sumqayıt Şəhər"in aşağı yaş qrupu üzrə komandasının üzvü – Fərid Kərimzadə U-15-in heyətinə çağırılıb.
"Sumqayıt Şəhər"in qızlardan ibarət komandasının üzvü Ləman Bağırova isə hazırda Bakıda keçirilən 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində millimizin heyətində çıxış edir.